Rodion İsmayılovun yeni filmi Rusiya şəhərlərində göstəriləcək
   
   İyulun 26-dan 29-dək III Moskva “DOKer” Beynəlxalq sənədli filmlər festivalının ən yaxşı tammetrajlı və qısametrajlı filmləri Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində nümayiş etdiriləcək. Bu filmlər sırasında həmyerlimiz Rodion İsmayılovun “Plaskart” adlı ekran əsəri də yer alıb.
   “Plaskart” filmi Moskva-Vladivostok qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. Xronometrajı 80 dəqiqə olan ekran əsərində sərnişinlərin hekayətləri müasir Rusiya cəmiyyətinin sosial portretini əks etdirir. Film 2017-ci ildə çəkilib.
   Rodion İsmayılov 1966-cı ildə Tovuz rayonunda anadan olub. Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda “Deboşirfilm studiyası”nın baş direktoru, “Nezavisimoye kino” fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən “DS Film” prodüser mərkəzində rejissor və prodüserdir. “Köç”, “Mənim qohumlarım” filmlərinin müəllifidir.
   Xatırladaq ki, III Moskva “DOKer” Beynəlxalq sənədli filmlər festivalı bu ilin may ayında keçirilib.