Hər il olduğu kimi, bu il də 22 iyul - Milli mətbuat günü münasibətilə Gəncədə çalışan media nümayəndələri Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.
   Tədqiqatçı-jurnalist Zakir Muradov dövrünün parlaq simalarından olmuş, tariximizdə maarifçi, xeyriyyəçi, publisist, tərcüməçi və teatr xadimi kimi yadda qalan Əsgər ağa Goraninin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün son beş ilində Gəncə şəhər bələdiyyəsinin sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə şəhərdə biri qızlar üçün olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.
   Əsgər ağa Gorani “Əkinçi”nin ən fəal, hadisələrə dəqiq, doğru münasibət bildirən yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc edilib.
   1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Adıgözəlov 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Səbzikar” qəbiristanlığında dəfn olunub.