Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində çapdan çıxan “Azərbaycan xalqının tarixi bioqrafiyası” və “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, jurnalist-şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitablarının Tbilisidə təqdimatı olub.
   Tədbirdə Azərbaycanın və Gürcüstanın elm, ictimaiyyət xadimləri, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) müşaviri, yazıçı-jurnalist Elçin Hüseynbəyli, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış ediblər.
   Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşr olunan kitabların Azərbaycan-Gürcüstan dostluğuna və ədəbi-mədəni əlaqələrin inkişafına qiymətli töhfə olduğu bildirilib.
   Nizami Cəfərov qeyd edib ki, “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabı rus, ingilis və ərəb dillərinə tərcümə olunub. Azərbaycan etnosunun tarixi, yaranması və inkişaf yolundan bəhs edən bu kitab nəsillərə nümunədir.
   Tədbirdə son illər ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdiyi və bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün bu qəbildən tədbirlərin, gürcü və Azərbaycan yazıçılarının kitablarının hər iki xalqın dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb.
   Dəyanət Osmanlı tərtib etdiyi kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, kitabda Azərbaycan və gürcü yazıçılarının, jurnalistlərin yazıları toplanıb.
   Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev iki ölkənin mədəni əlaqələrinin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini qeyd edib.
   Elçin Hüseynbəyli “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tədbirlər ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
   Yazıçı-tədqiqatçı Mirzə Məmmədoğlu diqqətə çatdırıb ki, “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabı gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə olacaq.
   “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabının məsləhətçisi Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.