Aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş tədbir 
   
   Qazax rayon Mədəniyyət mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı tədbir keçirilib. 
   Qazax, Ağstafa və Tovuz aşıqlarının qatıldığı tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini G.Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair Barat Vüsal çıxış edib.
   Bildirilib ki, ölkəmizdə aşıq sənəti həmişə diqqətdə saxlanılıb və aşıqların əməyi yüksək qiymətləndirilib. 2016-cı ildə 7 nəfər aşığa “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi buna sübutdur. Çıxışlarda Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi diqqətə çatdırılıb.
   Həmçinin vurğulanıb ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşıq sənətinin inkişafı və bu sahəyə xüsusi diqqət göstərilməsi regional idarələrin qarşısında mühüm məsələ olaraq qoyulub. Qeyd edilib ki, Qazax, Ağstafa, Tovuz rayonları sazın-sözün beşiyi olan bölgələrimizdəndir. Azərbaycanda iki dəfə gerçəkləşən beynəlxalq aşıq festivalları Qazax və Tovuz rayonlarını da əhatə edib.
   Tədbir rəsmi hissədən sonra aşıq Ədalətin yaradıcılığını əks etdirən aşıq havalarından ibarət geniş proqramla davam etdirilib.