Quba rayon MKS-nin Mərkəzi kitabxanasının və Quba Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki istirahət mərkəzində “səyyar kitabxana” xidməti təşkil edilib. Tədbirin əsas məqsədi xidmətin səviyyəsini yüksəltmək, kitabxanaya yeni oxucular cəlb etmək, oxucularda mütaliə vərdişlərini və mütaliə mədəniyyətini inkişaf etdirməkdən ibarətdir. 
   Səyyar kitab sərgisində müxtəlif başlıqlar altında 380 nüsxə kitab nümayiş olunub. Mərkəzi kitabxanaya 37 yeni oxucu abunə yazılıb. 
   
   * * *
   Qazax rayon Xanlıqlar kənd kitabxana filialı ahıl kənd sakinləri üçün “səyyar kitabxana” təşkil edib. Tədbirdə 10 nəfər kənd ağsaqqalı iştirak edib, müxtəlif mövzularda 30-dan çox kitab nümayiş olunub. 
   Kitabxana filialının müdiri Səbilə Alıyeva bildirib ki, tədbiri keçirməkdə məqsəd yaşlı insanların asudə vaxtını səmərəli keçirmək, onlara unudulmadıqlarını hiss etdirməkdir. Sonra o, ahıllar üçün kitab oxuyub, dövri mətbuatla tanış edib.
   Yaşlı sakinlər tədbirə və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
   Rayonun Daş Salahlı kənd 1 saylı kitabxana filialı isə “Damcılı bulağı”nda “səyyar kitabxana” təşkil edib. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, kənd Sənətkarlıq evinin işçiləri, Avey Dövlət tarix-mədəniyyət qoruğunun işçiləri və turistlər iştirak edib.
   Sərgidə 50-dən artıq kitab nümayiş olunub. Kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Hicranə Məmmədova tədbirin məqsədindən danışıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.