İyulun 25-də Lerik rayon Mədəniyyət mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
   Regional konfransın birinci panelində çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. 
   Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın islam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib. 
   Komitə sədri qeyd edib ki, ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. 
   Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Qəni Axundzadə dövlətimizin dinə və dindarlara qayğısından, ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən danışıb.
   Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.