Şamaxının ucqar yaşayış məntəqələrindən olan, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Dəmirçi kəndi özünəməxsusluğu və təbii iqlim şəraiti ilə son vaxtlar turistləri özünə daha çox cəlb edir.
   Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən kənddəki evlər, eləcə də digər tikililər ustalıqla kəsilib-doğranan çay daşından hörülüb. Kəndin vaxtilə Bakı, Şabran və Şamaxı şəhərlərini birləşdirən qədim karvan yolunun üstündə yerləşməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən bu yaxınlarda antik-erkən orta əsrlər dövrünə aid nekropolun aşkar edilməsi həm də turistlər üçün cəlbedicidir. Dəmirçidən İsmayıllının Lahıc qəsəbəsinə çəkilməkdə olan yol bu yerlərin geniş turizm potensialına malik olduğunu bir daha təsdiq edir.
   Kəndin girişində 10 metr hündürlüyü olan rəmzi qala və çayla sərhəddə hasar tikilir. Pirsaat çayı üzərində yeni körpü salınıb. Misgərlik və dəmirçi emalatxanalarının, çayxanaların, iki ədəd təndirxananın, suvenir mağazasının inşası davam etdirilir. Kəndin mərkəzi küçəsində 500 kvadratmetr əraziyə çay daşı döşənib, evlərin dam örtüyü dəyişdirilib, sakinlərin hasar və təndirxanaları təmir olunub. Qeyd edək ki, kənddə yeni məscidin tikintisi də nəzərdə tutulub.
   Görülən işlər bu yerləri turistlər üçün daha görməli, gəzməli məkana çevirəcək.