Xəbər verdiyimiz kimi, iyulun 20-də Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda türkiyəli fotoqraf Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi açılıb.
   Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım fotosərginin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına kiçik bir töhfə olduğunu qeyd edib.
   Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi sərginin əhəmiyyətindən söz açaraq bundan sonra da Yunus Əmrə İnstitutu ilə birgə əməkdaşlığın davam etdiriləcəyini deyib.
   Fotoqraf S.Döğer təqdim olunan fotolar barədə məlumat verib. Bildirib ki, fotolarda Türkiyənin bir-birindən gözəl tarixi və mədəni məkanları öz əksini tapıb.
   Fotoqrafiya sənətinin incəliklərindən danışan S.Döğer qeyd edib ki, bu sərgi vasitəsilə vətəni Türkiyənin gözəlliklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədir: “Bu məqsədlə ilk sərgini qardaş Azərbaycanda keçirməyi qərara aldıq. İnanıram ki, bu sərgi hər kəsdə Türkiyə haqqında xoş təəssüratlar oyadacaq”.
   Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutunda iyulun 23-dək davam edən sərgidə Türkiyənin müxtəlif bölgələrində çəkilmiş 30-dan çox əsər nümayiş etdirilib.