Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas "Kür - Xəzər" İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.
   İctimai birlikdən bildiriblər ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
   Qurumun sədri Akif Kərimov qeyd edib ki, səfərin məqsədi Azərbaycan həqiqətlərinin Fransa mətbuatında işıqlandırılmasından ibarətdir. Səfər çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlər, Xocalı soyqırımı, Azərbaycan multikulturalizmi, ölkəmizin sosial və iqtisadi inkişafı və digər məsələlər barədə məlumat verilir.
   Fransalı qonaqlar səfər gedişində bir sıra görüşlər keçirib, həmçinin Qobustan Milli tarixi-bədii qoruğunda, Atəşgah məbədində, Müasir İncəsənət Muzeyində olublar.