"Mütərcim" nəşriyyatı Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib. Kitabları dilimizə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib.
   Nikolay Çergineçin "Oğullar" kitabına yazıçının eyniadlı romanı daxil edilib. O, həm də tanınmış siyasətçi, Belarus Ali Məclisinin deputatıdır. N.Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq “milis detektivi” janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifidir. "Oğullar" romanı "Əfqanıstan müharibəsi"ndən bəhs edir; bu müharibənin iştirakçısı olmuş yazıçı həm əfqan-sovet döyüşçülərinin dostluğunu, həm də gözüyaşlı sovet analarının iztirab və qayğılarını qələmə alıb.
   Ales Badakın hekayələr toplusuna müəllifin "Görüntünün o biri üzü", "İdeal oxucu", "Yağışdan qurtulan gün" və digər hekayələri daxil edilib. Hekayələr bundan əvvəl Azərbaycanın ədəbi orqanlarında dərc olunub. 
   Georgi Marçukun "Qorın çayının adamları" kitabında isə tanınmış yazıçının etüd və hekayələri yer alıb. Qeyd edək ki, G.Marçuk iki dəfə Nobel mükafatına nominantların siyahısına düşüb.
   Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü K.Nəzirli kitablara yazdığı ön sözdə qeyd edir ki, tərcümə təkcə yaradıcılıq fəaliyyəti deyil, həm də mədəniyyətdir. O, bildirib ki, bu layihə Belarus Yazıçılar Birliyinin Minsk vilayəti üzrə sədri Aleksandr Karlyukeviçin dəstəyi ilə həyata keçirilib.