Akademik Milli Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək beynəlxalq festivalda təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, monotamaşalar festivalında rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. 
   “İuda” tamaşası avqustun 7-də təqdim ediləcək. Monotamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.
   Qeyd edək ki, Bolqarıstanda keçirilən ənənəvi monotamaşalar festivalına bu il Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri qatılacaq.