Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də Şəkidə vətəndaşların qəbulundan sonra şəhərdəki bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
   Nazir ilk olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Bildirilib ki, şair sağlığında bu evi uşaq bağçasına verib, Şəki şəhər 3 saylı uşaq bağçası burada yerləşib. Qeyd olunub ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin evdə Xalq şairinin ev-muzeyi yaradılacaq. Hazırda muzeydə son tamamlanma işləri həyata keçirilir.
   Görülən işlərlə tanış olan Əbülfəs Qarayev ev-muzeyinin yaradılması, tərtibat işlərinin icrası istiqamətində tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.
   Nazir daha sonra “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun ərazisinə gəlib, buradakı tarixi abidələrin vəziyyəti ilə tanış olub. Qoruq əməkdaşları ilə görüşən Əbülfəs Qarayev Azərbaycanın qədim və zəngin irsə malik şəhərlərindən olan Şəkinin tarixi məkanlarının qorunub-saxlanılması, tanıdılması ilə bağlı tövsiyələrini bildirib.
   Qeyd edilib ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Şəki də ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsi daha da artırılmalıdır.