Avqustun 2-si Azərbaycanda Kino günü kimi qeyd edilir. Əlamətdar gün eyni zamanda milli kino sənayesinin peşə hesabatı üçün bir fürsətdir. Biz də bu münasibətlə 2017-ci ilin ötən dövründə kino sahəsində baş verənlərə, əldə olunan nəticələrə qısa nəzər salmaq istədik.
   
   Bədii kinonun son nümunələri
   
   Əvvəlcə qeyd edək ki, kino işçilərinin budəfəki peşə bayramında tamaşaçılara “Nar bağı” filmi təqdim ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti tərəfindən istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir. Çexiyada Karlovı Varı Beynəlxalq film festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində nümayiş olunan, bu günlərdə Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq film festivalında mükafat qazanan ekran əsəri 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında da yer alıb.
   Bu il tamaşaçıların ixtiyarına verilən daha bir ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Üçüncü günün adamı” bədii filmidir. İyunun 30-da Nizami Kino Mərkəzində təqdimatı keçirilən filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
   “Azərbaycanfilm” kinostudiyasında “Köşk” bədii filminin istehsalı da başa çatıb. Vətənpərvərlik mövzusunda olan “Qarabağın səsi” qısametrajlı filminin isə çəkilişləri davam edir.
   
   Sənədli ekran əsərləri
   
   Bu il istehsal olunan sənədli filmlərin çoxluğu diqqəti cəlb edir. “Azərbaycanfilm” kinostudiyasında “Faşizm bu gün” və “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filmləri çəkilib. 
   “Salnamə” sənədli filmlər studiyasında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudova həsr olunan “Səsin cazibəsi” filmi üzərində işlər davam etdirilib. “Yaddaş” studiyası tərəfindən “Qürbətdə qalmış məzar” sənədli filmi təhvil verilib. Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı. Matəm. Ekran” film günləri çərçivəsində dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında lentə alınmış “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən və Xocalıda həlak olan qəhrəmanlara həsr olunmuş sənədli filmlər ölkənin müxtəlif regionlarında yerləşən mədəniyyət mərkəzlərində, orta ümumtəhsil məktəblərində və hərbi hissələrdə nümayiş etdirilib. Bu silsilədən filmlərin nümayişi gənc nəsildə vətənpərvərlik hissinin güclənməsinə xidmət etməklə yanaşı, vətən yolunda canından keçən qəhrəmanların adının əbədiləşdirilməsinə xidmət edir. Layihə üzrə yeni filmlərin çəkilişi davam etdirilir. Milli Qəhrəman Pəhləvan Fərzəliyevə həsr olunan “Şərəfli ömrün manifesti”, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov haqqında “Qürbətdə qalmış məzar”, “Salnamə” studiyasının istehsalı olan “Bakı əsrlərin aynasında” sənədli filmləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 
   
   Beynəlxalq festivallarda
   
   Son illərdə lentə alınan filmlərimiz müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. “Dərs” bədii filmi Rusiyada keçirilən 22-ci “Uşaqlar üçün kino” festivalında “Yeniyetmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması” nominasiyasında diploma layiq görülüb. Bundan əlavə, “Qırmızı bağ”, “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” , “İçərişəhər”, “Çölçü”, “Həddən artıq uyğunluq” bədii filmləri də dünyanın müxtəlif şəhərlərində keçirilən festivallarda Azərbaycan kinosunu uğurla təmsil ediblər. 
   Ölkəmizin bir qrup aktyor və kino mütəxəssisi Türkiyənin Alanya şəhərində keçirilən ənənəvi beynəlxalq film festivalı çərçivəsində təşkil olunan “Azərbaycan kinosu bu gün” tədbirlərində iştirak edib.
   İl ərzində “Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunda görkəmli kino xadimlərinin yubiley və xatirə gecələri keçirilib. Bu ilin yazında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ikinci dəfə gerçəkləşən Buktreyler festivalı da həm kitab və mütaliənin təbliği, həm də kino adına əlamətdar hadisə idi.
   
   Lalə Azəri