Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə 2018-ci il aprelin 4-dən 11-dək Bakıda pianoçuların Qara Qarayev adına II beynəlxalq müsabiqəsi keçiriləcək. Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bazası əsasında təşkil olunacaq.
   10-16 və 17-30 yaş qrupları üzrə keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər ərizələrini tam sənədlər paketi ilə birgə 2018-ci il fevralın 1-dək təşkilat komitəsinin ünvanına - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasına (Bakı, Şəmsi Bədəlbəyli küçəsi 98) təqdim etməlidir.
   Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Hər yaş qrupunun qalibləri üçün pul mükafatları və diplomlar nəzərdə tutulub. Yaş qrupları üzrə mükafat yerlərini tutan qaliblər “Beynəlxalq müsabiqə laureatı” adına layiq görüləcək. Diplom alan şəxslərə “Beynəlxalq müsabiqə diplomantı” adı veriləcək. Bütün iştirakçılara isə müsabiqədə iştirak etməklə bağlı sertifikat təqdim olunacaq.
   Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında yekun konsertdə iştirak edəcəklər.
   Müsabiqə barədə daha ətraflı məlumatı Mədəniyyət və Turizm Nazirliyinin saytının (mct.gov.az) “Elanlar” bölməsindən əldə etmək olar.