Sumqayıt Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi “Zamanın izləri” adlı səyyar sərginin açılışı olub. Sərgidə “YARAT”ın daimi kolleksiyasından yerli və əcnəbi rəssamların müasir əsərləri nümayiş etdirilib.
   Açılış mərasimində şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib, belə mədəni tədbirlərin insanların estetik zövqünə müsbət təsiri olduğunu vurğulayıb.
   Bundan əvvəl Qax, Mingəçevir, Zaqatala və Qusarda eyniadlı sərginin təşkil edildiyini bildirən sərginin kuratoru Fərəh Məmmədova qeyd edib ki, “Zamanın izləri” adlı sərginin əsas məqsədi regionlarda yaşayan əhalinin, xüsusilə də gənclərin müasir incəsənətə olan marağını artırmaq, mümkün qədər çox insanı müasir incəsənətlə məşğul olmağa cəlb etməkdir.
   Bildirilib ki, sərgidə azərbaycanlı, türk, gürcü və rus rəssamlarının video instalyasiyaları, foto və digər əsərlərindən ibarət kolleksiyası nümayiş etdirilir. Azərbaycanın tanınmış gənc fotoqrafları İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” fotosilsilələri, Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və videolayihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Ətalət” adlı videoinstalyasiyası, Orxan Hüseynovun “Sovetski atelyesi” video instalyasiyası, Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli təqdim edilib. Faiq Əhməd isə qədim xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək xalçaçılıq estetikasını yenidən kəşf edib.
   Bununla yanaşı, sənətsevərlər rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi, Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü”, gürcü rəssamı Koko Ramişvilinin “Çay, qəhvə və süd” əsəri və Berlində yaşayan türkiyəli fotorəssam Nevin Aladağın “Beşdaş oyunu” fotosilsilələri ilə də tanış olmaq imkanı qazanıblar.