Lənkəran MKS-nin Uşaq şöbəsində şəhər 9 və 10 saylı tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Sən yay tətilini necə keçirirsən?” adlı viktorina keçirilib. Şöbənin müdiri Xuraman Quliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, yarışan komandalara uğur arzulayıb.
   Viktorina iştirakçıları komanda şəklində sualları cavablandırıb. Qalib məktəblilərə hədiyyələr təqdim edilib.
   * * *
   Zərdab rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində yay məktəbi təşkil edilib. Balaca oxucuların yay tətilinin səmərəli keçməsi üçün viktorinalar, ucadan və ifadəli oxu, tapmaca, nağıl saatları keçirilib, əyləncəli oyunlar uşaqların marağına səbəb olub.
   Uşaq şöbəsinin əməkdaşları Məlahət Cavadova və Nisə Qasımova kitablar haqqında uşaqlara geniş məlumat verib, insanın dünyagörüşünün genişlənməsində mütaliənin rolundan danışıblar.
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi iyulun 25-dən 28-dək uşaq bağçalarında “Kitab oxumağa həvəs nağıldan başlanır” adlı mütaliə həftəsi keçirib. Şöbənin işçiləri Elnarə Məmmədova və Gülşən Ahmatova kiçikyaşlılar üçün “Qoğal”, A.Puşkinin “Qızıl xoruz”, V.Biankinin “İki ayı balası” nağıllarını, “Dağ və siçan” avar nağılı, R.Yusifqızının “İki gül” kitabını oxuyublar.