Xalq artisti, nəsil-nəsil tamaşaçılar sevimlisi Məmmədrza Şeyxzamanov
   
   Teatr tamaşalarında, kino-ekranlarda başdan-başa tamaşa, xatirələrdə şipşirin bir kişi. Aurası nur, səsi bənzərsiz dərəcədə yapışıqlı, sədası salonlar titrədəsi qədər gur, hərəkətləri - gah çeşmə lirizmli, gah şəlalə dramatizmli və... bu sayaq keyfiyyətləri sadalandıqca qurtarmayası real bir sənət-mədəniyyət OBRAZı...
   Bu canlı obrazın ədəbi-bədii səhnə “həmkar”ları oynanıldığı çağların texniki imkansızlıq (ümumən, teatr sənətinin qeyri-vizuallıq “qismət”i) badında... Ekrandakılar isə! Bu sənətkarın “ikinci canlı həyat” hesab ediləsi kinoda yaratdığı (bir çox aktyorlarçün əlçatmaz olan epizodik personajları bir yana) professor Rəcəbov (“Bəxtiyar”), İsfəndiyar kişi (“Tütək səsi”), Şirin kişi (“Əhməd haradadır?”) əsl ekran hadisələri!..
   M.Şeyxzamanovu saysız-hesabsız rollar oynamasına rəğmən, sənət leksikonumuzdakı “baş rol”, “əsas qəhrəman” terminlərinin “tərəf-müqabil”i də saymaq olar. Müasir teatrsevər gənclik üçün bunu da qeyd edim ki, o, ayrıca bir teatral sifət olduğu kimi, həm də əlahiddə bir şəxsiyyət, milli-mentallıq xüsusiyyətləri daşıyıcısı idi. Onu yaxından tanıyanlar bu aktyor və şəxsin rol görsəntilərilə həyat-yaşam görünüşləri arasında “ikiyə bölünmüş alma” duallığı görürdülər. 
   
   Özü də necə!..
   
   Filmlərin ssenari və rejissura prosedurlarından sonrakı talelərinin aktyorla bağlı olduğu məlum məsələdir. Ancaq bütün çılpaqlığıyla göz sərgisində olan “zalım” ekran aktyorun mimika “təhkiyə”sinin “diktovat” olunduğunu heç bir halda gizlədə “bilmir”! “Əhməd haradadır?” filmindəki “Qəməndir çağırır” replikası ssenaristin, onun hansı situasiyada deyilməsi, hansı rakursdan çəkilməsi quruluşçu rejissor və operatorun, bəs, o ifadənin tamaşaçıya şipşirin dədə-baba əda-sədası ilə çatdırılması? Əlbəttə, burada yalnız oğlunu axtaran ata kimi yox, həm də bu yaşda halal sevgi sevdalı, xanım eşqli bir kişini yaşamaq bacarığına, yaratmaq istedadına malik Məmmədrza - Şirin kişinin!.. 
   Yaxud bu sənətkarın, bir neçə cəhətdən (yəni ssenari, çəkiliş və bütün aktyor heyətilə birgə) məşhur “Bəxtiyar” filmində yaratdığı Professor obrazını götürək. M.Şeyxzamanov bu filmdə öz “barışmaz”, “tərs”-tələbkar professorluğu ilə zorən “neftçi”-naşı müğənni və nəhayət, “tələbə” Bəxtiyarı “məruz” qoyduğu rəsmi-akademik “seminar”-söhbətlərilə ekranın bu tərəfindəki milyonlarla tamaşaçıya çox xəlqi-emosional (və serial) “mühazirə” oxumuş olub. Cəmi üç-dörd epizodda görsəndiyi “Böyük dayaq”da öz ağıryana təhər-tövrü, tabeliyində olan kolxoz sədri (və keçmiş döyüş yoldaşı) Rüstəm kişiyə tövsiyələrinin deyim tərzi ilə, dövrün nifrət subyektlərindən birinə çevrilmiş “raykom katibləri” kabusunu tamaşaçı-xalq gözündə, az da olsa, qaldırmağa nail olmuşdu. “Tütək səsi”ndə sinəsinə sıxdığı sazı ilə müharibə ağrı-acılarını, oğul itki-həsrətini necə “Ruhani”ləşdiribsə, mövzunu iliyinədək ifadə edən sir-sifəti, biri bədbinlik, digəri nikbinlik saçan gözlərilə küll-tamaşaçını eləcə irfaniləşdirərək, sənət və həyat dualizminə cəlb edib...
   Yuxarıda bəhs etdiyim “ayrıca teatral sir-sifət, əlahiddəcə mental şəxsiyyət” məsələsinin hardan, nədən qaynaqlandığına dair də -
   
   Bir-iki söz...
   
   Belə ki, Məmmədrza Şeyxzamanov sənət-mədəniyyətcə Nizamili, Məhsətili, qeyrət-şəxsiyyətcə Cavad xanlı bir ünvanda doğulub. Milli damarı ən çətin siyasi dönəmlərdə belə qırılmayan Gəncədə tərbiyə-təlim görmüş, heç nəyə tələsməyib, heç nəyə gecikməyən, heç nədə ifrata varmayan bir mühitdə formalaşıb. 1954-cü ildə - otuz doqquz yaşında ikən Mədəniyyət Nazirliyinin əmri ilə Bakıya gəlib, yaşla bağlı zərb-məsəlimizdəki (“qırxında öyrənən...”) məlum “perspektiv”i pozaraq, Azərbaycan teatr və kino aləmi qarşısında açılmaqda olan (o dövrün dəb ifadəsilə desək) “geniş üfüqlər”də bənzərsiz rol oynayıb.
   Bakıya gəlişindən əvvəlki otuz doqquz ilin iyirmisi sənət-səhnə ilə bağlı olub. Çox olaylar olub o illərdə. Anadan olduğu 1915-ci ildən üç il sonra məhz bu şəhərdə (bir çox millisoy şəcərələr sırasından - Şeyxzamanovlara da böyük fəxarət hisslərilə bahəm, sonda bəlli əzab-əziyyət duyğuları da bəxş edəsi) ilk müstəqil Cümhuriyyətimiz doğulub. Amma hələ bundan bir il əvvəl, ikiyaşlı Məmmədrzanın atası dünyasını dəyişib və ailənin bütün yükü - qəddar bolşeviklərə qədər evdar qadın, sonra isə bir tikə çörəkpulu üçün toxuculuq fabrikində məşəqqətlər yaşayan anasının çiyinlərinə düşüb. Cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizləmələr” Şeyxzamanovlar nəslinə də əl gəzdirib. Onun məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalıb. Bu, Məmmədrzanın sənət yolunda da keçilməz baryerlər, çəkilməz sıxıntılar yaradıb. Boz münasibətlər onu orta məktəbdə də müşayiət edib... 
   Lakin hamıdan fərqli qabiliyyəti, istedadı, tərbiyəsi, savadı, biliyi Məmmədrzanın xilaskarına çevrilir. Elə aktyorluğa həvəs “toxumları” da həmin yarı siyasi-para pedaqoji illərdə səpilibmiş Məmmədrza duyğularına. Belə ki, o, orta məktəbdə ikən teatr studiyasına daxil olur. 1934-cü ildə C.Cabbarlı adına Gəncə Dram Teatrına dəvət olunur, məşhur tamaşalarda ünlü obrazlar yaratmağa başlayır. 
   Əllinci illərin əvvəllərində Akademik Dram Teatrında işə başlayan M.Şeyxzamanovun şəxsində Azərbaycan tamaşaçısı da müqtədir bir aktyorla tanışlığa başlamış olur. Onlar bu yeni ad-soyadda “Göz həkimi”ndəki Şahbazovu, “Qış nağılı”ndakı Polikseni, habelə Xosrovu (“Fərhad və Şirin”), Qacarı, Eldarı (“Vaqif”), Otellonu (“Otello”), Aydını (“Aydın”), Qaçaq Nəbini (“Qaçaq Nəbi”) xeyli yeni nüans və ampluada seyr edir.
   Çağdaşlarının xatirələrinə görə, ovaxtlar hamı M.Şeyxzamanovun teatral cazibədarlığından, səslər içində seçilən səs-sədasından, ayrıca “kino fotogeniçni”liyindən danışırmışlar. 
   Böyük ekrana 1955-ci ildə - “Bəxtiyar” filmindəki professor Rəcəbov rolu ilə çıxan M.Şeyxzamanov sonralar “Qızmar günəş altında” filmində Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı?”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm və s. kimi maraqlı obrazlar yaradıb.
   1963-cü ildə böyük sənətkarımız Ədil İsgəndərov Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır?” musiqili komediya filmində Nəcibə Məlikova, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilər sırasında əsas rollardan birini - Şirin kişini məhz Məmmədrza Şeyxzamanovun timsalında görüb. 
   İndiyəqədərki və yüzillərsonrakı tamaşaçılar isə onu dəfələrlə görmüş, görür, görəcək...
   
   Tahir Abbaslı