İyulun 28-dən 30-dək Bolqarıstanın Burqas şəhərində keçirilən “Wine Fest Burgas 2017” şərab festivalında ölkəmiz də təmsil olunub. Festivalda “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin səfirliyi tərəfindən şərablarımızın təqdimatı və dequstasiyası təşkil edilib. 
   Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanda “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. 
   Şərab festivalı ilə yanaşı, eyni məkanda açıq havada “Xalça yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri, əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının xalçaçılıq üzrə ixtisaslaşması, hər regionun xalçalarının naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənməsi və s. barədə məlumat verilib.
   Festivalda Azərbaycanla yanaşı Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları da nümayiş etdirilib.
   Qeyd edək ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Xalça nümunələrimiz iyunun 23-25-də Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilən “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyulda Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.