İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının (GAAŞ) təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının gürcü dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi keçirilib.
   Aparıcı Dursun Ayvazov Azərbaycan və fars dillərində yazıb-yaratmış şairin həyat və yaradıcılığı barədə məlumat verib.
   Universitetin rektoru Georgi Şervaşidze, GAAŞ-ın sədri İsak Novruzov, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri Kamran Fərdi, Tbilisi şəhər bələdiyyəsinin müşaviri Kaxa Tsetsxiladze, Təbriz Universitetinin direktoru Pur Muhəmmədi, Təbriz Universitetinin Qafqaz Tədqiqat Mərkəzinin direktoru Əhməd Fərşbafian, TDU-nun professoru Namadi Bartaia, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Fəxri Hacıyev, poemanı gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımov M.Şəhriyarın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər. 
   Azərbaycanlı və gürcü tələbələr poemadan parçaları Azərbaycan, gürcü və fars dillərində söyləyiblər.
   Sonda “Heydərbabaya salam” poemasından bir parça M.Şəhriyarın lent yazısında səsləndirilib. İranın Gürcüstandakı səfirliyinin nümayəndəsi poemanın tərcüməçisi O.Kazımova hədiyyə təqdim edib.
   Tədbirdə Azərbaycan-Gürcüstan və İran ictimaiyyətinin nümayəndələri, görkəmli ədəbiyyatşünaslar, ictimai birliklərin üzvləri və ziyalılar iştirak ediblər.