İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.
   Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin dəvəti ilə reallaşan görüşdə Azərbaycan-İran ədəbi əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.
   AYB-nin sədri, Xalq yazıçısı Anar diqqətə çatdırıb ki, ötən il Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “İran ədəbiyyatı” adlı xüsusi sayı işıq üzü görüb. Bu da iki ölkənin ədəbi əlaqələri üçün əlamətdar hadisədir.
   Əsgər Farsi İran və Azərbaycanın ortaq ədəbi dəyərlərindən, bu zəmində görülməsi vacib işlərdən söz açıb. Qeyd edib ki, iki ölkə ədiblərinin əsərlərinin qarşılıqlı tanıdılması davam etdirilməlidir.
   Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri və “ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu İranın həm farsdilli, həm də Azərbaycan türkcəsində olan ədəbiyyatının daim diqqət mərkəzində olduğunu, oxucular tərəfindən maraqla qarşılandığını söyləyib.
   Görüşdə AYB-nin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi və İran səfirliyinin Mədəniyyət mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
   Memorandum iki xalqın klassik və müasir ədəbiyyatlarının qarşılıqlı tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antologiyalar şəklində nəşrini, ədəbi-mədəni proseslərin uzlaşdırılmasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur.