Növbəti rəsm müsabiqəsi elan edilib
   
   Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.
   Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimovun bildirdiyinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin öncəki müsabiqələrdə mükafatlandırılan fırça ustaları budəfəki müsabiqəyə qatıla bilməzlər.
   Əsərlər kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır. İştirakçılar sənət əsərlərini Almaniyanın Bakıdakı səfirliyinə (Nizami küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidir.
   Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Qala Həyat” sığorta şirkəti və “Berlin-Bakı” Rəsm qalereyası da müsabiqəyə dəstək verən təşkilatçılar sırasındadır.