Görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illik yubileyi ölkəmizdə və dünyada çoxsaylı tədbirlərlə qeyd olunur
   
   Görkəmli bəstəkar, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin (1917-2002) 100 illik yubileyi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə, eləcə də xaricdə müxtəlif tədbirlərlə qeyd olunur. 
   Milli simfonizmin banilərindən olan bəstəkarın yaradıcılığı zəngin musiqi mədəniyyəti tariximizdə şərəfli yer tutur. Onun Azərbaycan və dünya musiqi sənəti ənənələrinin sintezindən yaranan və insanın mənəvi gözəlliyini tərənnüm edən irsi yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnir. Sənətkar ölkəmizdə yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib. 
   Vaxtilə dünya şöhrətli rus bəstəkarı Dmitri Şostakoviç istedadlı tələbəsi haqqında demişdi: “Cövdət Hacıyev görkəmli simfonist olmaqla yanaşı, həm də mənim layiqli varisimdir”. Həqiqətən də, C.Hacıyev öz bənzərsiz yaradıcılığı ilə “görkəmli simfonist” olduğunu təsdiqləmiş oldu. O, Azərbaycan musiqi mədəniyyətinə 8 simfoniya, «Sülh uğrunda» simfonik poeması, "Azərbaycan" süitası kimi bir-birindən gözəl əsərlər bəxş etdi. Bəstəkarın «Onu zaman seçdi» adlı səkkizinci simfoniyası ümummilli lider Heydər Əliyevə həsr olunub. 
   1957-ci ildən 1969-cu ilə kimi Azərbaycan Dövlət Konservatoriyasının rektoru olan sənətkar həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri işləyib. Musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə «Şərəf nişanı», “Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı”, “Lenin” ordenləri, həmçinin müstəqil Azərbaycanın «Şöhrət» ordeni və müxtəlif medallarla təltif olunub. 
   * * *
   Bəstəkarın oğlu, hazırda Kanadada yaşayan, "İpək Yolu" festivalı təşkilat komitəsinin sədri, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev atasının yubileyi ilə bağlı doğma vətənindədir. Onunla yubiley ili çərçivəsində təşkil ediləcək tədbirlər və bu kontekstdə Azərbaycan musiqisinin dünyada tanıdılması haqqında danışdıq.
   İsmayıl müəllim Kanadada yaşadığı müddətdə Azərbaycan musiqisini geniş təbliğ etdiyini söyləyir: “Biz dünyada tanınmış mədəniyyət xadimlərimiz vasitəsilə ölkəmizin təbliğini aparmalıyıq. Atamın 100 illik yubileyi ərəfəsində düşündüm ki, elə edək ki, həm musiqimiz, həm tariximiz, həm də ölkəmiz təbliğ edilsin. Bu məqsədlə sentyabrın 25-də, atamın müəllimi olmuş görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin doğum günü (26 sentyabr) ərəfəsində Vyana Konservatoriyasında “Dmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri” adlı tədbirin keçirilməsi nəzərdə tutulub. Elmi konfrans və konsertdən ibarət olacaq tədbirdə ilk dəfə olaraq arxiv sənədləri, fotolar, məktublar, iki görkəmli şəxsiyyətin münasibətlərini əks etdirən sənədlər sərgilənəcək. Biz bunu ona görə edirik ki, D.Şostakoviç dünya səviyyəsində tanınan musiqiçidir və beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycanın da qüdrətli sənətkarları var. Cövdət Hacıyevin 3-cü simfoniyasından parçalar səsləndiriləcək. Tədbirə dünyanın tanınmış musiqiçiləri, Vyana Konservatoriyasının professorları, alimlər və diaspor nümayəndələri dəvət olunub.
   Yubiley tədbirlərini Almaniyada, oktyabr və noyabr aylarında Londonda, Kanadada Niaqara beynəlxalq musiqi festivalında və dekabr ayında ABŞ-da davam etdirəcəyik. Bu il Niaqara festivalında “İpək Yolu” orkestri və Azərbaycan musiqiçiləri ilə birlikdə C.Hacıyevin əsərlərini yeni bir layihə şəklində təqdim etmək fikrindəyik”. 
   Müsahibim hazırda ölkəmizdə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalında bəstəkarın dövrünün ən mühüm problemlərini lirik-dramatik tərzdə əks etdirdiyi “Sülh uğrunda” simfonik poemasının səsləndirildiyini deyir. Qeyd edir ki, Azərbaycan musiqi sənətində C.Hacıyevin adını hər şeydən öncə simfonik musiqinin inkişafı, milli simfoniya janrının yaranması və inkişafı ilə bağlayırlar. Bəstəkar həmçinin gözəl kamera-instrumental, vokal, xor əsərlərinin müəllifidir. Yubiley ili boyunca bütün bu yaradıcılıq nümunələri dünyanın müxtəlif konsert salonlarında səsləndirilərək Azərbaycan mədəniyyətinin möhtəşəmliyini dünyaya çatdıracaq. 
   Bundan əlavə, C.Hacıyevin və onun həyat yoldaşı, görkəmli Azərbaycan rəqqasəsi, xoreoqraf Əminə Dilbazinin şərəfinə keçirilən “İpək Yolu üzərində Odlar Yurdu” beynəlxalq festivalı ABŞ, Böyük Britaniya və Kanadadan başlayaraq bir sıra Qərb ölkələrini əhatə edəcək, Şərqdə - Çində və Hindistanda başa çatacaq. Ümumiyyətlə, bəstəkarın yubiley tədbirləri çox geniş bir coğrafiyanın şəhərlərini (Vaşinqton, London, Vyana, Toronto, Niaqara və Mayami) əhatə edir.
   * * *
   İyunun 16-da Cövdət Hacıyevin Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yubiley tədbiri də ilin yaddaqalan musiqi hadisələrindən olub. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Gecədə bəstəkarın 3 saylı simfoniyası, “Sülh uğrunda” simfonik poeması və Qara Qarayevlə birgə yazdığı “Vətən” operasından Mərdanın ariyası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilib.
   İyunun sonunda Şəkidə keçirilən “İpək Yolu” beynəlxalq musiqi festivalında, bəstəkarın anadan olduğu və uşaqlığını keçirdiyi bu qədim şəhərdə yubiley tədbirlərinin keçirilməsi də xüsusi əhəmiyyət daşıyırdı.
   Daha bir yubiley tədbiri isə aprel ayında Nyu-Yorkun ən nüfuzlu konsert zallarından “Carnegie Hall”da gerçəkləşib. Konsertdə Miriam Burusun dirijorluğu ilə Nyu-York Simfonik orkestri və dünyanın müxtəlif ölkələrindən solistlər iştirak ediblər. Bu mühüm musiqi hadisəsinin başlıca təşəbbüskarları və təşkilatçıları amerikalı pianoçu və bəstəkar Aleksandr Peskanov, Azərbaycanın BMT-də daimi nümayəndəsi Yaşar Əliyev, habelə Florida Universitetində fortepiano kafedrasının professoru, C.Hacıyevin qızı Pərvin Muradova-Hacıyevadır. Yubileyin bu formatda keçirilməsi ABŞ və Azərbaycan, Şərq və Qərb arasında mədəni məhsuldar əməkdaşlığın daha da genişlənməsində mühüm addımlardan biridir və multikulturalizmin xeyirxah ideyalarının təntənəsinə xidmət edir. 
   Fransada və İsveçrədə tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın təşəbbüsü ilə C.Hacıyevin fortepiano əsərlərinin ən yaxşı ifası üzrə beynəlxalq müsabiqə təşkil olunub. Bəstəkarın tələbəsi, müəllimi haqqında monoqrafiyanın müəllifi Adilə Yusifovanın təşəbbüsü ilə Gürcüstanda da C.Hacıyevin 100 illiyi ilə bağlı yaradıcılıq tədbiri keçirilib. 
   Bu yaxınlarda (iyunun sonu) ABŞ-ın İndiana ştatının Karmel şəhərində təşkil olunan gənc musiqiçilərin (5-18 yaş arası) “Carmel Klavier” IV Beynəlxalq piano müsabiqəsində də C.Hacıyevin əsərləri səsləndirilib. Bundan əlavə, bəstəkarın yubileyi münasibətilə çapdan çıxmış “Fortepiano üçün seçilmiş əsərlər” kitabının birinci cildinin xülasəsi “Pianodao - The Way of Piano” portalında yerləşdirilib.
   
   * * *
   İsmayıl Hacıyev Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü xüsusi vurğulayır: “Çalışmalıyıq ki, Azərbaycan simfonik musiqisinin kamil örnəklərini dünyanın aparıcı simfonik orkestrlərinin repertuarına daxil edilsin, dünyanın ən nüfuzlu musiqi festivallarında və konsert zallarında mütəmadi ifa olunsun. Bu sahədə çalışan, əlaqələri olan insanlar olaraq biz də bu işdə yaxından iştirak etməliyik. Çünki mədəniyyət ən güclü silahdır. İnsanlar bəzən siyasi danışığa deyil, mədəniyyətə daha çox inanırlar. Üzeyir Hacıbəyli vaxtilə xarici ölkələrdən məşhur musiqiçi-pedaqoqları Azərbaycana gətirmişdi və bizdə həmin kökdən yaranan böyük yaradıcı qüvvə mövcuddur”.
   Söhbətimizin sonunda İsmayıl müəllim avqustun sonunda Kanadanın Niaqara şəhərində keçiriləcək ənənəvi Niaqara festivalına hazırlıqla bağlı da fikirlərini bölüşdü. Bildirdi ki, bu il festivalda C.Hacıyev və Şah İsmayıl Xətai yaradıcılığını tanıtmaq fikrindədir və bununla əlaqədar layihə üzərində çalışır: “Kanada bu gün sülh və harmoniya ölkəsidir, orada mədəniyyət, musiqi və incəsənət çiçəklənir. Festivala dövlət rəsmiləri, parlament üzvləri, şəhər rəhbərliyinin böyük marağı var. Onlar həm də bizim musiqini sevirlər. Mütəmadi olaraq festivalın bütün tədbirlərinə baş çəkirlər. Görkəmli heykəltəraşımız Ömər Eldarov festivalın xoşməramlı səfiri seçilib, dünya şöhrətli fırça ustası Tahir Salahova isə uğurlu sərgidən sonra "Müqəddəs Georgi" ordeni təqdim edilib”.
   Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və onun nəzdində məktəb-studiya Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş IV Respublika elmi-ifaçılıq müsabiqəsi elan edib. Dekabrın 4-dən 11-dək reallaşacaq müsabiqə çərçivəsində “Fortepiano, kamera-instrumental və vokal musiqisi Cövdət Hacıyev yaradıcılığında” mövzusu üzrə Respublika elmi-ifaçılıq konfransı da təşkil olunacaq.
   
   Lalə Azəri