Qəbələdə keçirilən musiqi festivalına yerli tamaşaçılarla yanaşı, bölgədə istirahət edən xarici turistlər də böyük maraq göstərirlər. Festival günlərində Qəbələnin hotelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. 
   Bu günlərdə Qəbələyə Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan və Misirdən turistlər gəlib. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi gözəl” hotellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
   Əcnəbi qonaqlar Qəbələ festivalının konsertlərini də izləyirlər.
   Fransalı turist Pyotr Topyol festivalın 3 konsertinə baxdığını və musiqiçilərin ifasından zövq aldığını bildirərək deyib: “Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu eşitmişdim. Bura dostlarımla gəlmişəm. Qəbələnin gözəl təbiəti və insanların qonaqpərvərliyi məni valeh edir”.
   Fransalı turist Jan Luc Landier ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəlib. Bakı və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər olduğunu bildirən turist bu yerlərin füsunkar təbiətinə də heyran qalıb: “Çox gözəl təbiətiniz var. Dağlar, meşələr, çaylar hamısı bir məkandadır. Fransadan buraya 20 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
   Qeyd edək ki, hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər təşkil edib. Bu il isə rayona 200 minə yaxın turistin gələcəyi gözlənilir.