“Azərbaycan kino sənəti beynəlxalq miqyasda layiqincə təqdim edilir” 
   
   Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan kinosu gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Əvvəlcə il ərzində milli kinematoqrafdakı yeniliklər, layihələr, paytaxtda və regionlarda baş tutan film təqdimatlarından bəhs edən videoçarx nümayiş olundu.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev peşə bayramları münasibətilə kino işçilərinə xoş arzularını çatdırdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən bu əlamətdar gün artıq 17 ildir ki, qeyd olunur. 
   Kino sahəsində görülən işlərdən söz açan nazir dedi ki, bu il 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Dövlət başçısı tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 44 tammetrajlı bədii film, yüzlərlə sənədli film çəkilib. Dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Yaddaş”, “Salnamə”, “Debüt” studiyalarında çəkilmiş filmlərin sayı 300-dən artıqdır. 
   Vurğulandı ki, Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib və ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir. Bu sənətə yeni nəslin gətirilməsi, yeni imkanların açılması üçün ciddi addımlar atılır. Hazırda bir neçə istedadlı gənc dövlət hesabına müxtəlif ölkələrdə kinematoqrafiya üzrə təhsil alır. Filmlərin çəkilişlərində təcrübəli kino xadimləri ilə yanaşı, gənclər də iştirak edirlər.
   Kino sahəsində Heydər Əliyev Fondu tərəfindən dəstəklənən layihələri yüksək qiymətləndirən Əbülfəs Qarayev ümummilli liderin vaxtilə mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Qeyd olundu ki, dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. 
   Bildirildi ki, son illərdə ölkəmizdə formalaşan müasir özəl studiyalar da bu sənətin inkişafına diqqət göstərməlidir. 
   Nazir onu da diqqətə çatdırdı ki, Kino günü ərəfəsində Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən tanınmış aktrisa Ayan Mirqasımova “Xalq artisti”, 11 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb. Həmçinin dövlət başçısının sərəncamı ilə 2 nəfər kino xadiminə Prezidentin fərdi təqaüdü verilib.
   
   Sənətə və əməyə verilən qiymət
   
   Daha sonra nazir Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncama əsasən təltif edilən kino xadimlərinə mükafatları təqdim etdi. Həmçinin kino sahəsində çalışan bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar verildi. 
   Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən bu il yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara Kino günü ərəfəsində pul mükafatlarının verildiyini diqqətə çatdırdı. O, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti, kinorejissor Vaqif Mustafayevə ittifaq tərəfindən təsis edilən “Milli Kino Mükafatı”nı təqdim etdi. 
   
   “Qarabağın həsrət salnaməsi” ekranda
   
   Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti buraxılışlarının təqdimatı keçirildi. 
   Müəllif “Qarabağın səsi” milli layihəsi barədə məlumat verərək bildirdi ki, sosial internet layihəsində 4500-dən artıq insan iştirak edib. Layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir.
   
   “Nar bağı”nda bayram sevinci
   
   Bu il də kino işçilərinin peşə bayramı yeni ekran əsərinin premyerası yadda qaldı. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filmi tamaşaçılara təqdim edildi. 
   Nümayişdən əvvəl filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin rejissoru İlqar Nəcəf ekran əsərinin Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq Film Festivalında Azərbaycan kinosunu uğurla təmsil etdiyini və mükafata layiq görüldüyünü bildirdi. O, Qurban İsmayılovun “Ən yaxşı kişi rolu” mükafatı qazandığını qeyd edərək mükafatı aktyora təqdim etdi. 
   Daha sonra film nümayiş olundu. Film maraqlı ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz. 
   Ekran işinin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
   Psixoloji dram janrında çəkilən filmdə rolları Əməkdar artist Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
   
   Lalə Azəri