Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı və C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazinin (1912-1984) vəfatının 33 ili tamam oldu.
   Bu münasibətlə sənətkarın Bakıdakı mənzil-muzeyində xatirə tədbiri keçirilib. Əvvəlcə maestronun yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.
   Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Niyazinin musiqi tariximizdə yerindən, yaradıcılığından söz açıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dirijorluq məktəbinin formalaşmasında, milli simfonizmin təşəkkülü və inkişafında maestronun böyük əməyi olub. Niyazi Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliğində mühüm işlər görüb, habelə Qərb və rus bəstəkarlarının əsərlərinə eyni dərəcədə professionallıqla dirijorluq edib.
   Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış edib.
   Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyova tərəfindən maestronun əsərləri səsləndirilib.
   Sonda qonaqlar Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filminə baxıblar.
   Qeyd edək ki, avqustun 2-də Niyazinin mənzil-muzeyində “açıq qapı” günü elan olunub.