“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər. 
   “Azərxalça” ASC-dən bildirilib ki, görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.
   “Azərxalça” ASC-nin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub. Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli koloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. 
   Rayon sakinləri bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar. Bu, onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin, eyni zamanda marağının göstəricisidir: “Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”nın apardığı təhlillər göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir”. 
   Qeyd olunub ki, Cocuq Mərcanlı kəndindən xalçaçıların “Azərxalça” ASC-nin Füzuli filialında işlə təmini məsələsi müzakirə edilib. Kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda işləyəcək. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək.