“Gilan Holdinq” jurnalistlər üçün ölkəmizin əsas turizm bölgələrindən olan Qəbələyə infotur təşkil edib.
   Səfər çərçivəsində rayonun Savalan kəndindəki üzüm emalı və şərab istehsalı zavodu ilə tanış olan jurnalistlərə “Savalan” brendi adı ilə istehsal edilən məhsulların keyfiyyəti, saxlanılma şəraiti və şərabların xarici bazara ixracı barədə məlumat verilib. Bildirilib ki, zavodun 343 hektar sahədə üzüm bağı mövcuddur ki, bunun 298 hektarı texniki növ, 45 hektarı isə süfrə növündən ibarət olan üzüm bağlarıdır. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında 21 texniki və 14 süfrə üzüm sortları yetişdirilir. Hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları beynəlxalq sərgilərdə medal qazanıb.
   Daha sonra jurnalistlər “Tufandağ” Qış-yay turizm istirahət kompleksi, Çuxur Qəbələ Tarix və mədəniyyət qoruğu, rayon Tarix-diyarşünaslıq muzeyi, Stend və ox atıcılığı kompleksində olublar.
   Media əməkdaşlarına “Gilan Holdinq”in Qəbələ rayonundakı hotel və istirahət mərkəzləri, istehsal müəssisələri barədə ətraflı məlumat verilib. Tur iştirakçıları Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Beynəlxalq Musiqi Festivalının konsertlərinə də tamaşa ediblər.