Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş tədbir
   
   Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçirilib. Tədbir Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşib.
   Muzeyin direktoru Şirin Məlikova diqqətə çatdırıb ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin “İşğal olunmuş ərazilərin tarixi, diyarşünaslıq muzeylərinin eksponatlarından ibarət müxtəlif sərgilərin təşkili edilməsi ilə bağlı” müvafiq əmrinə əsasən təşkil edilib. Məqsəd Azərbaycanın dilbər guşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.
   Muzeyin direktoru deyib ki, qədim tarixə malik eksponatların sərgilənməsi ilə yanaşı, işğal olunmuş ərazilərimizdə dağıntılara məruz qalmış tarixi abidələrin təbliği mühüm əhəmiyyət kəsb edir.
   Ş.Məlikova rəhbəri olduğu Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin bu istiqamətdə gördüyü işlərdən söz açıb. Qeyd edilib ki, İCOM-un müvafiq layihələri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yerləşən muzey eksponatlarının siyahısı hazırlanaraq elmi tədqiqatlar aparılıb, onların tarixi, mənşəyi və digər məlumat daşıyıcıları tədqiq edilib.
   Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək 1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun tarixi-mədəni irsinin də qəsb edildiyini vurğulayıb. Qeyd edib ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarındandır.
   Müdafiə Nazirliyinin zabiti, mayor Ramil Səfərov da çıxışında boya-başa çatdığı rayon haqqında fikirlərini bölüşüb. Düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə inamını ifadə edən R.Səfərov ölkəmizin dünya dövlətləri arasında söz sahibi olduğunu qeyd edib. Dünyada gedən qarışıq proseslərdən söz açan natiq deyib ki, Azərbaycan gəncliyi hər zaman bu proseslərə gözüaçıq yanaşmalıdır. İrqçilik, dini radikalizm çox vaxt ölkələri təxribata çəkir. Biz dövlətçiliyimizin möhkəmlənməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik.
   Tədbir iştirakçıları Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə də tanış olublar.
   Mərasim ədəbi-bədii proqramla davam edib.