Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) doğum günü ilə əlaqədar “Türk dünyasının böyük söz ustadı” adlı elmi-nəzəri konfrans keçirilib. 
   Kitabxananın direktoru Seyid Vahabov, ADPU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov şairin həyat və yaradıcılığından söz açıblar. Fəal oxucular şairin ana dili, vətən haqqında şeirlərini söyləyiblər. 
   ARB kanalının əməkdaşı Elşən Zəkəriyyəbəyli, gənc şair Zaur İlhamoğlu şair haqqında xatirələrini danışıblar.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
   Ağsu rayon Mərkəzi kitabxanasında təşkil olunan mütaliə günündə şairin zəngin poeziya dünyası haqqında oxuculara məlumat verilib. Oxucular kitabxananın fonduna yeni daxil edilmiş kitablarla tanış olublar.
   Qobustan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə də şairin həyat və yaradıcılığı haqqında danışılıb. Tədbir iştirakçıları M.Dilbazinin 105 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
   * * *
   Gəncə şəhər MKS-nin Uşaq şöbəsində “yay məktəbi” təşkil edilib. Balaca oxucuların yay tətilinin səmərəli keçməsi üçün burada viktorinalar, ucadan və ifadəli oxu, tapmaca, nağıl saatları keçirilir. Uşaqlar əyləncəli oyunlar oynayır, kompüterlər vasitəsilə səsli nağıllar dinləyirlər.
   Kitabxanada “Kim daha çox kitab oxudu?” müsabiqəsinə də start verilib. Kitabxanaçılar Aytən Əliyeva, Kifayət Sadıqova uşaqlara fonddakı kitablar haqqında məlumat veriblər. Müsabiqə sentyabrın 20-də yekunlaşacaq. Ən çox kitab oxuyan qiraətçilər müxtəlif hədiyyələr qazanacaqlar.
   * * *
   Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında yay tətili günlərində oxucuların asudə vaxtının səmərəli təşkili məqsədilə rəngarəng tədbirlər keçirilir. Belə tədbirlərdən biri Ağçay kənd kitabxanasının fəal oxucusu, 8-ci sinif şagirdi, həvəskar rəssam Səidə Xəlil qızı Abakarovanın əl işlərindən ibarət "Mənim rəngli aləmim" adlı sərgidir. 
   Səidə təsviri sənətin müxtəlif janrlarında özünü sınayır. Onun çəkdiyi mənzərə, natürmort, portret və s. nümunələri bəyənən tədbir iştirakçıları balaca rəssama uğurlar arzulayıblar.
   * * *
   Astara rayon MKS-də balaca oxucularının sevimli məkanına çevrilmiş “nağıl otağı”nda yay tətili günlərində silsilə tədbirlər keçirilir. “Nağıl otağı”nın növbəti qonaqları Astarada sosial cəhətdən zəif ailələrin uşaqlarına dəstək məqsədilə fəaliyyət göstərən “Günərzi qayğı mərkəzi”nin sakinləri olub.
   Onlar burada xalq nağılları əsasında hazırlanmış maketlərlə, uşaqların əl işləri - “Oxuduğum kitabların nağıl qəhrəmanları” adlı rəsm sərgisi ilə tanış olublar. Uşaq şöbəsinin işçisi İntizar Nəsirova balacalara müxtəlif nağıllar oxuyub.