18 avqust - Azərbaycan Sərhəd Qoşunlarının yaranması günü ilə bağlı Zaqatala rayonundakı N saylı hərbi hissədə konsert proqramı təşkil olunub. 
   Rayon Mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən tədbir əlamətdar günə - əsgərlərin hərbi andiçmə mərasiminə təsadüf edib. Mərkəzin metodisti Tahirə Primovanın rəhbərliyi ilə “Günəş” rəqs qrupunun ifaları, şəhər Mədəniyyət evinin müdiri Çingiz Hümbətovun rəhbərliyi ilə “Çingiz” ritm qrupunun çıxışı, Yuxarı Tala kənd 1 saylı Sənətkarlıq evinin təşkilatçısı Mirvari Vanatiyevanın çıxışı, Yuxarı Tala kənd Mədəniyyət evinin bədii rəhbəri Akif Abbasovun ifa etdiyi musiqi nömrələri, Muğanlı kənd Mədəniyyət evinin müdiri Gülüstan Osmanovanın söylədiyi şeir nümunələri, Qüdrət Xəlilov, Şəhriyar Hümbətov, Şahin İsayev və Fərhad Abdurahmanovun ifa etdiyi mahnılar əsgərlərdə xoş ovqat yaradıb.
   * * *
   Cəlilabad rayonu Qarakazımlı kənd Mədəniyyət evi və kənd kitabxanasının əməkdaşları Sərhəd Qoşunları günü münasibətilə rayon ərazisində yerləşən zastavaların birində olublar. Qarakazımlı kənd Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında milli musiqilər səsləndirilib. Tədbir çərçivəsində “Mən gənc sərhədçiyəm” adlı kitab sərgisi də təşkil olunub.
   * * *
   Şəki şəhər MKS-nin Baş Zəyzid kənd kitabxana filialı və kənd Sənətkarlıq evinin əməkdaşları da N saylı sərhəd zastavasının qonağı olublar. Sənətkarlıq evinin direktoru Xanlar Mahmudov, kitabxana filialının müdiri Zamiq Abbasov sərhədçiləri təbrik ediblər. Təqdim edilən ədəbi-bədii proqram hərbiçilər tərəfindən maraqla qarşılanıb.