Hələ Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil aldığım zamanlardan Bülbül sənətinə, onun yaradıcılığına böyük heyranlıq duyardım. Müəllimlərimiz bizi tez-tez Bülbülün memorial muzeyinə aparır, muzeydə mühafizə olunan eksponatlarla tanış edərdi.
   İllər keçdi və mən uzun illərdən sonra bir daha Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli müğənni, professional vokal sənətimizin banisi, professor Bülbülün memorial muzeyinə üz tutdum. Bu səfərimin məqsədi sadəcə üzdə olan eksponatları görməklə yetinməmək, muzeyin arxivində saxlanılan 9000-ə yaxın eksponatı da araşdırmaqdan ibarət idi.
   Bakı şəhərində yerləşən Bülbülün memorial muzeyi (Bülbülün vətəni Şuşa şəhərində də 29 iyul 1983-cü ildə ev-muzeyinin açılışı olmuşdu) Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Muzeyin 1982-ci il 10 iyun tarixində keçirilən açılış mərasimində respublikanın rəhbəri Heydər Əliyev, hökumət nümayəndələri, SSRİ Böyük Teatrının məşhur truppasının üzvləri iştirak edirdi.
   Muzeyin ekspozisiyalarına baxan ümummilli liderimiz Heydər Əliyev demişdi:
   “Bülbülün memorial muzeyinin açılışı mədəni həyatımızda böyük hadisədir. Şübhə yoxdur ki, muzey Azərbaycan musiqi sənətinin, bütün çoxmillətli dünya musiqi sənətinin görkəmli nümayəndəsi Bülbülün yaradıcılığını layiqincə təbliğ edən mərkəzə çevriləcəkdir. Bülbül özünün parlaq, ilhamlı yaradıcılığı, gözəl həyatı, zəngin bədii irsi ilə ümumxalq məhəbbəti və hörməti qazanmışdır”.
   Həftələrdir mən muzeyin arxivini araşdırıram. Çox vaxt zamanın necə keçdiyini hiss etmirəm, sanki biri mənə nağıl söyləyir və məni o zamana - nağıllar aləminə aparır. Bu qədər eksponat necə bir araya gəldi? Axı eksponatlar bir-birindən forma və mahiyyətinə görə çox fərqlənir. Hərəsi bir ildə yazılmış ayrı-ayrı minlərlə sərvət dəyərində eksponatlar. Toxunduğum hər eksponatda (Bülbülün həyat və yaradıcılığından bəhs edən kitablar, məqalələr, afişalar, qəzetlər, jurnallar və s.) Bülbül ilə ruhunu birləşdirmiş ikinci bir ruhun nəvazişini hiss edirəm...
   Adelaida xanım Məmmədova - dahi Bülbülün həyat yoldaşı, böyük sənətkarın ilham pərisi. Bülbülün həyat və yaradıcılıq tarixini bizlərə, gənc vokalçılara ərməğan etmiş, ömrünün sonuna qədər dahi sənətkarın xatirəsini əbədi yaşatmağa həsr etmişdir. Uzun illər (ömrünün sonunadək) memorial muzeyin direktoru olmuşdur. Hisslərim məni yanıltmadı. Hər vərəqlədiyim kitabda mənə Bülbül yüksəkliyinə gedən yolu göstərən, tanış olmaq şansına nail olmadığım, lakin qayğısını hiss etdiyim Adelaida xanım idi...
   1922-ci ildə avqustun 22-də Tiflisdə dünyaya göz açmış, anası gürcü, atası azərbaycanlıdır. Hüquq məktəbini bitirən Ada xanım heç vaxt bu sahədə işləməmişdir. Çünki dahi Bülbülün ona yanında ehtiyacı vardı.
   Ada xanım Bülbül haqqında xatirələrində yazırdı:
   “Bülbül insanları sevirdi, onları tez bağışlayardı. Məsələn, gedirdik Tiflisə, yolboyu pambıq sahələrinin yanında maşından düşürdü ki, görsün pambıq karoboçkaları (qoza - red.) necədir? Deyirdim, bura bax, heç kənd təsərrüfatı naziri bu işlə maraqlanmır, sənə nə düşüb? Sevinirdi ki, plan dolacaq, Azərbaycan birincilik qazanacaq... Çox səliqəli, prinsipial, yalanı sevməyən bir adam idi. Bir kəslə əlaqəni kəsirdisə, deməli, o adam yalan danışıb. Mən də, uşaqlar da - Çingiz və Polad bilirdik ki, “yox” dedi, daha heç nə kömək etməz. Yoldaşlıqda ikiüzlülüyə, xəyanətə bərk qəzəblənirdi. Deyərdi ki, “bu kişilikdən deyil”. Ata kimi çox sakit adam idi. 50-ci ildə Stalin mükafatı almışdı, onu uşaq evinə verdi. O vaxt 50 min manat çox pul idi. Müharibə illərində Müdafiə Fonduna 200 min manat pul göndərmişdi. Həyatda kömək elədiyi adamlar az deyildi. O, tələbələrinə də çox kömək edərdi. Bir dəfə assistenti Milovanovu çağırıb dedi: “Apar bu pulu ver uşaqlara, amma, bilməsinlər mən göndərmişəm”. Beləliklə həmin tələbələr hər ay pul alıb konservatoriyanı bitirdilər. Yalnız təhsillərini qurtaranda bildilər ki, bu pulu Bülbül göndərirmiş”.
   Bülbül haqqında onlarla kitabın müəllifi, Azərbaycan tarixi üçün önəmli iki böyük şəxsiyyətin anası, Azərbaycan mədəniyyəti tarixinin güclü “Sərkərdəsi” Bülbülün ilham pərisi Adelaida xanım Məmmədova, doğum gününüz mübarək olsun!
   Tarix yaddaşlarda yaşar və yaşadıqca canlanar. Siz Bülbül dühasını yaşadan ömürlük tarix yaddaşımızsınız.
   
   İlham Nəzərov 
   Əməkdar artist, “ÜNS” yaradıcılıq səhnəsinin solisti