2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli-tarix bədii qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi” çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər. Tədqiqatların gedişində 6 yeni təsvirli daş aşkar edilib. Bu daşlardakı 20-dən artıq qayaüstü təsvir əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı, əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər qeydə alınıb.
   2016-cı ildə Qobustan qoruğunda qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılıb. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə qayaüstü təsvirləri yenidən sənədləşdirmək, qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsi aparılır. Sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub.
   Hər bir təsvirli daşın fotoları çəkilib, 3D modeli düzəldilib, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulub, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilib və yeni rəqəmsal metodla eskizləri çıxarılıb. 
   2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr edilib. Kitabda yer alan 250 təsvirin 138-i yeni aşkar olunub.
   Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır. 
   * * *
   Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Ölkə başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisi Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunduqdan sonra, Xınalıq kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması, dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər görülüb.
   2011-ci ildən etibarən hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri aparılır. Arxeoloji qazıntı işləri nəticəsində çoxsaylı kurqanlarla yanaşı, “Zangar” (Xınalıq) və “Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunmuşdur. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.
   2017-ci ilin iyul ayından etibarən qoruğun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qədim qəbiristanlıq aşkar edilib. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunmuşdur. Əldə olunan tapıntılar Xınalıq ilə Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.