Özbəkistanın “Tasvir” jurnalında jurnalist Rimma Sabircanovanın Azərbaycan haqqında məqaləsi dərc edilib. Məqalədə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında danışılır, qədim tarixi abidələrlə bağlı məlumat verilir.
   Yazıda İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Dənizkənarı bulvardan bəhs edilir, bu məkanların tarixindən söhbət açılır. Bildirilir ki, Azərbaycanda neft sektoru ilə yanaşı digər sahələr də inkişaf edir. 
   Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub, onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Müəllif bu məqaləni həmin təəssüratlar əsasında yazıb.
   Layihəyə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.