Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi ilə yanaşı, gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. 
   Fondun təşkilatçılığı ilə Astara Bilik evində toxuculuq kursları fəaliyyət göstərir. Kurslarda 12 qız ödənişsiz əsaslarla el sənətinin sirlərini öyrənir. Rayonda təcrübəli və peşəkar toxucu kimi tanınan Şaxanım Zülfüqarovanın rəhbərliyi ilə keçirilən təlimlərdə iştirak etmək, toxuculuq bacarığına yiyələnmək istəyənlərin sayı getdikcə artmaqdadır.
   Bilik Fondundan bildiriblər ki, toxucular üçün lazım olan dəzgah, avadanlıq və müxtəlif növ alətlər kurs iştirakçılarının istifadəsinə verilib. Fond gənc toxucuların əl işlərindən ibarət sərgilər keçirmək niyyətindədir.