Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Rəssamlar görüşü” bu dəfə Qazaxıstanda təşkil olunub. Sayca 20-ci “TÜRKSOY rəssamlar görüşü”nə 2017-ci ildə “Türk dünyasının mədəniyyət payxatı” elan olunmuş qədim Türküstan şəhəri ev sahibliyi edib.
   Avqustun 17-dən 22-dək davam edən tədbirə 11-i Qazaxıstandan olmaqla 15 ölkədən 25 rəssam qatılıb.
   İştirakçılar əvvəlcə Türküstanın tarixi və mədəni yerləri ilə tanış olublar.
   Tədbirlə bağlı təşkil olunan mətbuat konfransında “TÜRKSOY rəssamlar görüşü” layihəsi barədə məlumat verilib. Vurğulanıb ki, son illər bu layihə bir qayda olaraq “Türk dünyasının mədəniyyət payxatı” seçilən şəhərlərdə gerçəkləşir. Budəfəki tədbirin 2017-ci ilin “mədəniyyət paytaxtı” olan Türküstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
   Xatırladaq ki, 1997-ci ildən əsası qoyulan “TÜRKSOY rəssamlar görüşü” hər il türk dünyasının görkəmli rəssamlarını bir araya gətirir. Ötən dövrdə sənət görüşlərində 300-ə yaxın rəssam iştirak edib. Bu tədbirlərdə 1500-ə yaxın rəsm əsəri yaradılıb, yüzdən artıq ümumi və fərdi sərgi təşkil olunub. Əsərlər türk dünyasının ortaq mədəniyyətini, tarixini və ənənələrini özündə əks etdirir.
   
   Mehparə Sultanova
   Ankara