Ankaranın Etimesqut Bələdiyyəsinin təşkil etdiyi 14-cü Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə “Azərbaycan gecəsi” təşkil olunub. Gecədə səfirliyin əməkdaşları, diaspor nümayəndələrimiz, azərbaycanlı tələbələr, Ankara ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
   Festivalın keçirildiyi böyük meydanda səfirliyin təşəbbüsü ilə “Azərbaycan evi” qurulub. Burada ölkəmizin mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı nəşrlər, digər təbliğat vasitələri nümayiş etdirilib. Festival iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub. Qonaqlar Azərbaycan milli mətbəx nümunələrinin dadına baxıblar.
   Tədbirdə iştirak etmək məqsədilə Ankaranın Etimesqut rayonu ilə qardaşlaşmış Azərbaycanın Şirvan şəhərindən gəlmiş musiqi və rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Gecədə ifa edilən “Çırpınırdın, Qara dəniz” mahnısı festivala toplaşmış minlərlə insanın hərarətli alqışları ilə qarşılanıb. Gecədə Azərbaycan səfirliyinin müşaviri Ramil Qurbanov və Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli inkişafında özünü göstərir.