Paytaxt məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinə qatılan şagirdlərə ekskursiya zamanı muzey haqqında ətraflı məlumat verilib. Şagirdlər miniatür kitab nümunələri ilə maraqla tanış olublar.
   Qeyd edək ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün yay məktəbinə start verilib. Avqustun 31-dək davam edəcək yay məktəbinin II mərhələsi 400-dən artıq şagirdi əhatə edib. Hazırda məktəblilər üçün təlim, seminar, sessiya, əyləncəli oyun və idman yarışları keçirilir.
   “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakıdakı 30 ümumtəhsil müəssisəsində həyata keçirilir.