TÜRKSOY-un həyata keçirdiyi ənənəvi layihələrdən biri də “Şairlər görüşü”dür.
   Layihə hər il türk dünyasının bir önəmli şairinə həsr edilir. Builki layihə XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilib. Tədbir Qazaxıstanda, 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Türküstan şəhərində gerçəkləşir. Qeyd edək ki, TÜRKSOY 2017-ci ili böyük Azərbaycan şairinin 300 illiyi münasibətilə “Molla Pənah Vaqif ili” elan edib. 
   Tədbir Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Dünya Yazarlar və Aydınlar Dərnəyi, Hoca Ahmet Yasəvi Universiteti, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Cənubi Qazaxıstan Vilayəti Valiliyi və Türküstan Bələdiyyəsinin işbirliyi ilə 25-26 avqustda baş tutacaq. TÜRKSOY-un növbəti “Şairlər görüşü”nə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri (Moldova), Rusiya Federasiyasından Başqırdıstan, Dağıstan, Saxa-Yakutiya və Tatarıstan təmsilçiləri qatılıb.
   Türk dünyasının 20-dən çox şairinin görüşü yaşadıqları ölkələrin mədəniyyət, ədəbiyyat və incəsənətinin tanıdılmasına töhfə verməklə yanaşı, həm də gənc nəslə türk dilinin, mədəniyyətinin, ədəbiyyatının və şeir sənətinin çatdırılmasına daha bir vəsilə olacaq. Tədbir çərçivəsində türk dünyası şairləri Türküstanın tarixi məkanları, o cümlədən Ahmet Yasəvinin türbəsi və turistik yerlərlə tanış olacaqlar.

Mehparə Sultanova
Ankara