Oktyabrın 20-dən 28-dək növbəti Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklər və şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq festival bu dəfə də dünyanın məşhur ifaçılarını bir araya gətirəcək.
   Festival çərçivəsində “Rotunda” caz klubunda Mixil Bortslap triosu konsert proqramı ilə çıxış edəcək. Hollandiyalı pianoçu Mixil Bortslap “Telonius Monk” müsabiqəsinin qalibidir.
   Festivalın daha bir tədbiri kolumbiyalı musiqiçi Edmar Kastanedanın konserti olacaq. O, arfada Latın Amerikası caz kompozisiyalarını təqdim edəcək. Almaniyanın “Cyminology” qrupu da “Rotunda” klubunda konsert proqramı ilə cazsevərlər qarşısına çıxacaq. 
   Bu məkanda daha iki konserti pianoçu və bəstəkar Artur Dutkeviç triosu (Polşa) və saksafonçu, müğənni və bəstəkar Bendik Hofset kvarteti (Norveç) təqdim edəcək. Konsert proqramları caz mövzusunda filmlərlə müşayiət olunacaq.