Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən xarici filmlərin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdim etmək üçün Azərbaycan üzrə komissiyanın növbəti iclası keçirilib.
   İttifaqın mətbuat xidmətindən bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə olunmaqla yanaşı, komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi Amerika Kino Akademiyasının “Oskar” mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilib.
   Qeyd edək ki, “Nar bağı” filmi 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısına da daxil edilib. “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
   “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rollarda Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri çəkiliblər.