İkinci Dünya müharibəsi illərində Fransa müqavimət hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs edən “Generalların önündə” adlı film çəkiləcək.
   Azərbaycan, Rusiya və Fransa kinematoqrafçılarının müştərək işi olan filmin ssenari müəllifi Anar Ömərovdur.
   Ssenari müəllifi bildirib ki, ekran işi ilə əlaqədar Şəkidə əfsanəvi partizanın ev-muzeyinə gedərək qəhrəmanın oğlu ilə görüşüb və onun razılığını alıb. Filmin ssenarisi real hadisələrə əsaslanır və partizanın müharibə illərindəki qəhrəmanlıq fəaliyyətini canlandıracaq.
   Xatırlatmaq yerinə düşər ki, azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatının rəhbərlərindən biri, sonradan Fransa prezidenti olmuş general Şarl de Qollun yaxın dostu olub. O, Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə xaçı”, “Hərbi şücaət xaçı” və s. medallarla təltif olunub.