Quba rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən “Cənnət bağı” istirahət mərkəzində səyyar kitabxana xidməti təşkil edilib. Kitabxana xidməti zamanı 65 adda Azərbaycan ədəbiyyatı, həmçinin, xarici ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, müxtəlif elm sahələrinə dair ədəbiyyat və elektron nəşrlər burada istirahət edənlərə təqdim olunub. 
   Müxtəlif yaş qrupundan olan kitab həvəskarları kitabxanaya üzv olaraq istədikləri ədəbiyyatları əldə ediblər. Tədbir istirahətdə olan turistlərin rəğbətinə səbəb olub. 
   * * *
   Qusar rayon Mərkəzi kitabxanası tərəfindən isə “Şəfa” istirahət mərkəzində səyyar kitabxana xidməti təşkil olunub. Xidmət zamanı 250-dən artıq müxtəlif mövzularda kitablar və uşaq ədəbiyyatı burada istirahət edən turistlərə təqdim olunub.
   * * *
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin 1 saylı kitabxana filialı Qazax Dövlət Sosial-İqtisad kollecinin həyətində səyyar kitabxana xidməti təşkil edib. Kitabxana filialının müdiri Solmaz Nağıyeva, şəhər 1 saylı Folklor evinin müdiri Gülsüm Həsənova, kollecin kitabxanaçısı Sevda Qurbanova maraqlananlara kitab seçməkdə köməklik göstəriblər.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayonu Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub. Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərləri, xarici ədəbiyyat, uşaq ədəbiyyatı, ümumilikdə oxucuların maraqlarını cəlb edəcək müxtəlif başlıqlar altında kitablar nümayiş olunur.