nə qədər açmağa çalışsan da, bir sirr olaraq qalası ekran azmanı
   
   Filmlərindəki obrazların cəmi kimi, flaqman-kameraman, fenomenal rejissor, universal kino xadimi. “Kino-dəstgah”, “kino-geniy”, “sinema-adam” kimi ləqəblər “hədəfi”. Kinematoqrafiya aləminin “əlbəsə”sindən tutmuş “söz-göz” fəlsəfəsinədək yüzə-yüz bələd fenomen... 
   Sənətkarlığı da, həyatı da qəribəliklərlə dolu Tofiq Tağızadənin bu ömürlük məhəbbət işinə gəlişində də, gedişində də “sıradanbir”lik yox. Böyük kino təsərrüfatının “qara işlər”inə çox yubanmasa da, müstəqil rejissorluq görəvinə bir qədər gec - otuz beş yaşında gəlib. Amma bu işə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Moskva) Kinorejissorluq fakültəsini bitirib (1953), “Azərbaycanfilm” kinostudiyasında - zahirən “başıaşağı” təzə işçi kimi, daxilənsə, çox yüksək fazalı bir energetika ilə başlayıb. İki il keçmiş (1955) Azərbaycan ekranına “Görüş” adında mükəmməl bir film verib. 
   Kinoşünaslarımızın ümumqənaətinə görə, T.Tağızadə Azərbaycan kinosuna özünəməxsus yeni nəfəs, orijinal baxış gətirmişdir. O öz istedadı sayəsində qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli duyğularımızı, “məxfi”ləşdirilməyə cəhd edilən mədəni-mənəvi nüanslarımızı da ekran “reklam”ına çıxarmağa, problemləri ekran-salon “tərəf-müqabil”liyinə təqdim etməyə çalışıb. Onun filmlərini seyr etdikcə, bu qənaətlər tam şəkildə təsdiq olunur. Kino-seans zamanı bu “tərəf”lər arasında, az qala, proporsional bir izləmə situasiyası yaşanır; biri bilavasitə, o biri bilvasitə. Qəribə səslənsə də deyim ki, T.Tağızadə bütün filmlərində gözə işləyib, baxışlar dramaturgiyası yaradıb. Onun özünün seçdiyi aktyorlarda və əlbəttə, ssenarilərə əsaslanaraq yaratdığı obrazlarda baş “qəhrəman” gözlər, baxışlar, bütün psixolojilikləri sərf-nəzər edən nəzərlərdir. Sözsüz ki, bunların təqdimatında kinooperatorun da rolu az deyil, ancaq axı, baş proqram-layihə sahibi rejissordur! İndi, gəlin, bu sayaq nümunələrə elektron-media vasitələrindən tam fərqli olan qəzet, yazı-pozu imkanları daxilində baxaq. Bəri başdan bunu da deyim ki, sözügedən nüans onun çəkdiyi filmlərin hər birində qabarıq alınıb - yəni bu seçimdə heç bir xəyali-əyani püşkə ehtiyac yoxdur. Və yəqin ki, o filmlərin hər birindən göz önünə çəkib “göstərəcəyimiz” o ən dramaturji məqamların iki-üçündən artığına da ehtiyac yoxdur.   

  Məsələn;
   
   “Arşın mal alan” (1965). Bu filmdəki Gülçöhrə ilə Əsgəri istisna edib (axı, filmlərdə bütün enerji, maddi-mənəvi maya baş qəhrəmanların təqdiminə xərclənir!), bütün xəyal-göz diqqətimizi qulluqçu Tellinin, qardaşqızı Asyanın və nökər Vəlinin üz-gözlərinə yönəldək. Gözümüzü çəkmədən fikirləşək: əgər bu minbir sözlü gözlər olmasaydı (və ya məsələ yalnız aktyorların “dubl”larsız baxışları ümidinə qalsaydı), o iki qızın qəlblərindəki ər umu-həsrəti, ailə arzu-murazlarını təkcə sözün bəyanı ilə bu qədər heyrətamiz bədiilik-reallıq-sentimentallıqla qavraya biləcəkdikmi?.. 
   “Dədə Qorqud” (1975). “Qoşa badam sığmayan dar ağızlım”, “bəy ərənlər, “dünya-mənimdir” - deyənlər!”, “Xanım, hey!” və sair bu kimi gözəl kəlmələr, kəlamlar. Bəs, digər saysız-hesabsız məsələləri, həcm darlığı üzündən ssenarist qələmindən “yayınmış” mətləbləri necə verməli? Əlbəttə, rejissorun fəhm-fantaziya “göz”ü ilə! Bəs buradakı yaramazlıq eşqilə parlayan bir cüt göz - Yalıncığın bərəlmişləri necə görsədilir?! Hər iki-üç kirpikçalımımızda dəyişən kadrlarda “nə ağlarsan, nə sızlarsan, nə bozlarsan” simfoniyası bəstələyən baxışlar! Filmin dili ekranın “o tay”ındakı dustaq “tamaşaçı”ya “oğul, oğul!..” deyə inildəyirkən, gözləri “bu tay” tamaşaçılara (xalqa) belə-belə fikirlər aydırır: “göz yaşlarına gömül, “mərə kafir”lərin bizə verdiyi tarixi zülmlərdən ayıl, bir ol, yüzbir doğul!.. Bu söylənməz sözləri Dədəmizin “evdən çıxıb yürüyəndə sərv boylum” deyə öydüyü gözəlin - “boyu uzun Burlaxatun”un bəbəkləri nəql edir...
   Növbəti “göz ovu” məsələsini belə başlamaq istərdim: T.Tağızadənin “Uzaq sahillərdə”ki (1958) gözlərindən heç nə yayınmayıb. Özü də buradakı gözlər seyri-təsviri dialoqdan çox, qeyri-tətbiqi monoloq ərz edir. Əksəriyyəti konspirativ (bu an “konslager”ativ deyimi də keçdi fikrimdən) “status”lu baxışlar (bir çox kadrlardakı Anjelika-Mixaylo cütlüyünün faşizmə nifrət, bütün gözəlliklərə məhəbbət izharlı nəzərləri istisna edilməklə). Mayor Şultsun “şeytandır, iblisdir!”, Mazellinin “...deyərsən sinyor Ma “Faust”u ucadan oxuyurdu”, Rosselininin “Oo... xatırladım, gülsatan qız”, Luicinin “Həmin dalğa, həmin koordinat” və sonda Veselinin atasının Mehdiyə “Yox, mən də səninlə qalacağam!” epizodlarındakı gözlərin hər biri ayrılıqda müstəqil bir kino-baxış vahidi, ansamblda isə Göz ilə Sözün mükəmməl duallıq qalereyası...
   Və canlı həyat pavilyonlarından, o dövrlərdə (elə həmişə) kino-teatr salonlarından, tele-ekran qarşılıqlarından eşidilən - 
   
   “Za kadr”vari düşüncələr...
   
   Yazı-pozu və kino-televizionçular leksikonunda tez-tez işlədilən “kadrarxası”, “mətnaltı”, “şüuraltı” kimi işgüzar terminlərə - Tofiq Tağızadə fəndlərinə binaən - daha birisini əlavə etmək olar: “fikirarxası”. Bunun açması üçün onun filmlərindən beş-üç epizodu xatırlamaq kifayət edər. Deyim ki, həmin kadrların daha dərindən incələnməsi üçün o filmlərin yaradıldığı dövrün siyasi cövri-cəfalarının da fərqinə varmaq gərək. Məsələn, 1959-cu ildə çəkdiyi “Əsl dost” filmində onun bəlli “müttəfiq”lik “dostu” haqda “milli” sovet tostu deməkdən başqa nə çarəsi qalırdı? Və elə burdaca qeyd edək ki, ömrünün son çağlarında ekranlaşdırdığı “O dünyadan salam” filmində bu rejissorun ustalıqla düzənlədiyi qəbiristanlıqdan qaçış epizodu respublikaların elə həmin SSRİ “müttəfiq”stanından “xortdayıb” qaçmasını ehtiva edir. Yaxud, “Babamızın babasının babası” (1981) filmindəki məzlum babanın sinninin “Lenin baba”mızın yaşından da artıq olduğunu vermək üçün quzu mələrtisindən başqa, daha nə kimi “tryuk”a əl atmaq olardı?.. 
   Ovaxtların proletar “elitar”ları KİV-də Gəray bəyin özünü (tipoloji aspektdə - bəyliyi) güllələdiyi epizodda onun içəri girib qapını bağlamasını mental keçmişimizin “kitabının bağlanması” və həmin an-ardınca komsomol Bəxtiyarın (elə həmin aspektdə - bolşevizmin) digər bir qapını açmasını rejissorun “sovetlər perspektivi”ni təsdiq tryuku kimi təqdir-tərif edirdilər. Milli ara-bərə söhbətlərində isə bu kimi nüanslar “bir şirinin xatirinə yüz acı” deyiminə bab dəyərləndirilirdi; tutalım, yeddi komsomol “yoldaş”ın bir bəyi qətlə yetirə bilməməsi və onun özünə açdığı atəşdən də öldürücü səslənən qəhqəhəsi! Hələ “komsomol kişi”sinin qadına əl qaldırması...
   Gəlin, onun “Uzaq sahillərdə” kino-şedevrinə bir də yanaşaq. Həm də ona görə ki, Tofiq Tağızadənin özü də kinoya - bu böyük sənət səltənətinə müharibə alovlarından keçib (barmaqlarından birini səngərdə qoyub) qayıtmışdı. Bu filmdə isə belə bir milli sənət “barmağı” da var ki, çoxları hələ ovaxtlar da bunun fərqinə varmamışdı. Bu, bizim doğma Mehdi -“Mixaylo”muzu, bir çox rusofil rejissorlar kimi yarısovet (rus) balası kimi yox, tərtəmiz Azərbaycan övladı kimi təqdim edilməsi cəsarətliliyindən ibarət bir ibrət! Nə vardı - ssenaridən kənara çıxıb, “Mixaylo”ya bir-iki “qardaş sovet” kəmərbəstələri qoşub-quraşdırıb, onun “böyük qardaş” filiallarını yaratmağa...
   Yox, istedadlılığı qədər də prinsipial, “hər şey ali sənət üçün!” kredolu bu rejissor başdan-başa özgən-özgür bir ömür yaşadı. O qədər güzəştsiz ki (əlbəttə, yüksək sənət naminə), kinostudiya və pavilyonlarda az qala filmlərindəki bir-birindən maraqlı obrazlar qədər “maraqlı” düşmənlər “qazandı”. Belə bir dövr də (“Hər aşiqin dövranı var”) gəldi ki, ömrünün sonlarına yaxın bir “kimsə”dən “daha bu studiyaya gəlmə” eşitməli və “axı, mən bu studiyanı yaradanlardan biri olmuşam!” deməli olub...
   Və... o qədər maraqlı sənətkar və şəxsiyyət haqda bu qədər...
   
   Tahir Abbaslı