“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi 20 ildən çoxdur uşaq və gəncləri əsl vətəndaş, azərbaycançı kimi formalaşdırmaq məqsədilə silsilə tədbirlər həyata keçirir. Birlik böyüməkdə olan nəslə ölkəmizin tarixi-mədəni irsinin, turizm imkanlarının tanıdılması və təbliğinə də xüsusi diqqət ayırır. “Aytam”ın yay tətilində tarixi məkanlara təşkil etdiyi ekskursiyalar da bu məqsədə xidmət edir. 
   Səyahət Azərbaycanın dilbər guşələrindən biri olan Quba şəhərindən başlayıb. Bakının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 55 nəfər gənc öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra uşaqlar Quba Soyqırımı Memorial Kompleksində olublar. Burada onlara tariximizin qanlı səhifələrindən olan 1918-ci il soyqırımı haqqında ətraflı məlumat verilib.
   Dünyada ən qədim insan məskənlərinə səyahət etmək istəyirsinizsə, yolunuzu yaşı minilliklərlə ölçülən Qobustan abidələrindən salın. Tariximizin daş yaddaşı Qobustanın hər qarışında qədim keçmişimiz əks olunub. Milli ruhumuzun, gücümüzün yaddaşı, musiqimizin səsi var Qobustanda. Əcdadlarımızın həyat tərzini əks etdirən qayaüstü təsvirlərlə tanışlıq ekskursiya iştirakçılarında zəngin təəssürat yaradıb. 
   Səyahətin növbəti ünvanı “Şirvanşahlar Saray Kompleksi” Dövlət tarixi-memarlıq qoruq muzeyi olub. UNESCO tərəfindən Dünya mədəni irsi siyahısına daxil edilmiş məkanda uşaqlar saray, divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları ilə tanış olublar. 
   Məktəblilərin səyahəti paytaxtın Suraxanı qəsəbəsindəki Atəşgah mədədində davam edib və Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında yerləşən “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda yekunlaşıb.
   Qeyd edək ki, gənclərin tarixi abidələrə səyahəti “Aytam” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının gənclər arasında təbliği” adlı layihə çərçivəsində reallaşıb.