Görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova oktyabrın 29-da Nyu-Yorkun Rose Teatrında konsert proqramı ilə çıxış edəcək.
   Proqramda tanınmış muğam ustaları Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert variantını təqdim edəcəklər. 
   Səhnəyə Alim Qasımov və Fərqanə Qasımova ilə yanaşı, “İpək Yolu” ansamblı, xoreoqraf Mark Morrisin ilhamlandırıcı adaptasiyasında rəqs qrupu da çıxacaq. Mark Morrisin rəqs qrupu mərhum abstraksionist rəssam Hovard Hodjkinin dizayn verdiyi geyimlərdə olacaq.
   Səhnədə Alim Qasımov dahi Üzeyir Hacıbəylinin bəstələrini Conni Qandelsman və Kolin Yakobsenin aranjimanında səsləndirəcək. Alim Qasımov Məcnunun, Fərqanə Qasımova isə Leylinin partiyasını oxuyacaq. Əsər ingilis titrləri ilə Azərbaycan dilində təqdim ediləcək.