Xəbər verdiyimiz ki, oktyabrın 20-dən 28-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.
   Festivalın yeddinci günü rejissor Frensis Fort Koppolanın “Klub Kotton” filmi nümayiş etdiriləcək. Baş rolda Riçard Girin çəkildiyi filmdə təsvir olunan hadisələr 1928-1938-ci illərdə baş verir. Nyu-Yorkdakı dəbdəbəli “Kotton” musiqi klubunda trubaçalan kimi fəaliyyət göstərən Diksi Duayrın əlində truba adi musiqi alətindən qat-qat artıq təsir bağışlayır. 
   Festival çərçivəsində həmin gün caz musiqisi həvəskarları “Rotunda”da İsveçrənin “Mats-up” qrupunun çıxışından həzz alacaqlar. Trubaçalan Matiass Spilmanın rəhbərlik etdiyi, caz kollektivinin elementləri ilə kamera ansamblının geniş səs diapazonunu özündə birləşdirən bu qrup indiyə qədər 200-dən çox canlı konsert verib. Kollektivə Spilmandan başqa Reto Suner (saksafon), Mark Min (fortepiano), Dominik Eqli (zərb alətləri) və Rafael Bossat (bas) daxildir.