«Qırmızı bağ» bədii filmi Türkiyədə festivalda mükafata layiq görülüb
   
   Xəbər verdiyimiz kimi, 16-26 avqust tarixində Trabzon Beynəlxalq Film Festivalı keçirilib. Müxtəlif ölkələrdən ekran əsərlərinin iştirak etdiyi festivalda ölkəmiz Rafiq Əliyev və Cavid Təvəkkülün «Dərs» və Mirbala Səlimlinin «Qırmızı bağ» tammetrajlı bədii filmləri ilə təmsil olunub. Hər iki film festivalın beynəlxalq müsabiqə proqramında nümayiş etdirilib. 
   «Dərs» filmini quruluşçu rejissor Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, «Qırmızı bağ» filmini isə ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim ediblər. Ölkəmizdən festivala həmçinin rejissor Fehruz Şəmiyev «Yol» filmi ilə qatılıb.
   "Qırmızı bağ" bədii filmi üç "Altın kamança" mükafatına layiq görülüb. Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olunub.
   “Qırmızı bağ” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR, Avstriyanın LET’S CEE, Türkiyənin Alanya Beynəlxalq Film Festivallarında iştirak edib. 
   Ekran əsəri həmçinin Bakıda keçirilən 7-ci Avropa Film Festivalında da təmsil olunub. Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” üzrə nominant elan edilib. 
   Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (WeiT Media - Rusiya).
   Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.
   «Dərs» filmi də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.
   Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında gerçəkləşib. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb, 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının əsas proqramında nümayiş olunub. Quruluşçu rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif ediliblər. “Dərs” filmi həmçinin 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında da nümayiş olunub.
   Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
   Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.