Azərbaycanın tanınmış caz ifaçısı, müasir estradada özünəməxsus ifaçılıq üslubu və qeyri-adi səs tembri ilə seçilən Fərid Əsgərov dekabrın 27-də Bakıda “Elektra Events Hall” səhnəsində çıxış edəcək.
   İfaçı Bakıda ilk dəfə 12 musiqiçidən ibarət canlı orkestrin müşayiəti ilə böyük solo konsert verəcək. Konsertdə ifaçının özünün və başqa musiqiçilərin ən yaxşı kompozisiyaları səslənəcək, eləcə də müğənninin “17 bit” adlı yeni albomundan mahnılar ilk dəfə təqdim ediləcək.
   Fərid Əsgərovun hər bir mahnısı musiqiçinin öz ifası ilə emosiyalarla zəngin kaleydoskop yaratmaqla dinləyiciyə çatdırdığı bir hekayətdir. İfaçı Rusiyanın Birinci kanalında irimiqyaslı “Qolos-2” vokal layihəsində Azərbaycanın ilk nümayəndəsi olub. O öz ifası ilə Leonid Aqutin, Aleksandr Qradski, Pelageya və Dima Bilan kimi tanınmış musiqiçilərdən ibarət peşəkar münsiflər heyətinin bütün iştirakçılarının diqqətini cəlb edib. Stivi Uanderin “Isn’t she lovely” kompozisiyasını ifa edən müğənni Leonid Aqutini özünə hami seçib və müsabiqənin dörddəbir final mərhələsinə yüksəlib.