Yeni layihənin icrasına başlanıb
   
   Cəbhə bölgələrində, xüsusilə döyüş mövqelərində xidmət keçən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.
   Elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, görkəmli psixoloqların, eləcə də ictimaiyyət nümayəndələrinin cəlb edildikləri tədbirlərdə fərdi və kompleks yanaşma üsulu ilə hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir, arzu və təklifləri nəzərə alınır, reabilitasiya tədbirləri həyata keçirilir. 
   Düşmənlə təmas xəttində, zirvələrdəki ön səngərlərdə təşkil olunan görüşlərdə Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal, Gəncə Dövlət Universitetinin dosenti, ədəbiyyatşünas-alim Aydın Nağdəliyev Vətən müdafiəçiləri ilə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıblar.
   Əsgərlər qonaqlara ürəklərini açıb, işğal altında olan torpaqları azad etməkdən başqa özgə problemlərinin olmadığını deyiblər.