Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) 2017-ci il avqust ayının 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.
   Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbinin violonçel sinfində almış, daha sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində Cövdət Hacıyev və Qara Qarayevin sinfində davam etdirmişdir. 
   Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, teatr, simfonik, xor, instrumental və kamera əsərləri, mahnı və romanslar yaratmışdır. O, birpərdəli «Ana» operasının, «Bir saatlıq xəlifəlik» və «Baş tutmayan hiylə» operettalarının, uşaqlar üçün 12 musiqili səhnə əsərinin, o cümlədən «Tülkü həccə gedir» və «Bayquşların söhbəti» uşaq opera-nağıllarının, «Rəqəmlərin bəhsi» və «Tənbəl ayı balası» adlı musiqili tamaşaların, «Qiymətlərin sərgüzəşti» uşaq müziklinin, habelə 2 simli kvartetin, Ömər Xəyyamın sözlərinə 3 romans-rübainin, «Rahab» muğam-poemasının, «Beş portret» vokal-simfonik silsiləsinin, «Nəsimi» freskalarının, H.Cavidə həsr olunmuş «Rekviem-poema»nın, kantataların, uşaqlar üçün 500-ə qədər mahnının və vokal məcmuələrinin, çoxlu sayda xor əsərlərinin müəllifidir. 
   Rəşid Şəfəq 1970-ci ildə Bakı şəhər 190 saylı ümumtəhsil məktəbinin nəzdində uşaq opera studiyasını yaratmışdır. 1995-ci ildə o, Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində respublikamızda ilk Uşaq mahnı teatrını təşkil etmişdir. 
   Bəstəkarın maarifçilik və musiqi təbliğatı sahəsində fəaliyyəti də diqqətəlayiqdir. O, «Məktəblinin musiqi aləmi» kitabını və uşaq xorları üçün «Uşaq mahnısı antologiyası»nı çap etdirmişdir. 
   Rəşid Şəfəq uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik orkestrinin direktoru vəzifəsində çalışmışdır. 1998-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi təqaüdünə layiq görülmüşdür. 
   Tanınmış bəstəkar, pedaqoq Rəşid Şəfəqin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində yaşayacaqdır.
   Allah rəhmət eləsin.
   
   Mədəniyyət və Turizm Nazirliyi